Rubinyan: “Ermənistan və İranın maraqları üst-üstə düşür”
Ermənistanın İrandakı səfiri qarşı tərəfinə TRIPP layihəsinin yalnız biznes xarakteri daşıdığını çatdırıb.
Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan bildirib.
O, İran ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vəlayətinin “Tramp marşrutu” ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən bunu deyib.
Velayəti qeyd edib ki, TRIPP layihəsi Zəngəzur dəhlizi məntiqinə uyğun gəlir və NATO-nun mümkün iştirakı da daxil olmaqla, İranın təhlükəsizliyi üçün risklər yarada bilər.
Rubinyan isə TRIPP-in Ermənistanın tam suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində, qarşılıqlı bərabərlik prinsipləri əsasında həyata keçiriləcəyini deyib.
“Bu, Zəngəzur dəhlizi deyil, tamamilə fərqli bir layihədir”, - deyə o bildirib və əlavə edib ki, Ermənistan səfiri də görüş zamanı məhz bu mövqeyi ifadə edib.
Vitse-spiker qeyd edib ki, Ermənistan iranlı tərəfdaşlarla daimi təmasdadır, baş verən proseslər barədə onları məlumatlandırır və bütün həssas məsələləri nəzərə alır. İranın maraqları diqqətdə saxlanılır və vacib məqam ondan ibarətdir ki, İran Xarici İşlər Nazirliyi, o cümlədən nazir səviyyəsində dəfələrlə təsdiqləyib: layihə onların “qırmızı xətləri”ni pozmur və hətta İran üçün müəyyən imkanlar yaradır.
İran tərəfdən zaman-zaman səslənən neqativ bəyanatların səbəbi ilə bağlı suala cavab verən Rubinyan bildirib ki, istənilən dövlətin rəsmi mövqeyini onun Xarici İşlər Nazirliyi ifadə edir və Ermənistan da məhz bu mövqeyə əsaslanır.
“Biz aşağıdakıları qəti şəkildə qeyd edə bilərik: birincisi, Ermənistanda suverenliyə və ya ərazi bütövlüyünə zidd olan, yaxud tam nəzarət altında olmayan heç bir layihə reallaşdırıla bilməz. İkincisi, biz qonşularımızın həyati maraqlarını nəzərə alırıq və İran məsələsində bu maraqlar böyük ölçüdə Ermənistanın maraqları ilə üst-üstə düşür. Narahatlıq üçün əsas yoxdur və biz bütün tərəfdaşlarla sıx əlaqəni davam etdiririk”, - deyə Rubinyan bildirib.
0 Rəy