Türkiyə-Ermənistan sərhədləri nə vaxt açılacaq?
Deputat: “Ankaranın sonuncu bəyanatı təqdirəlayiqdir”
“Türkiyənin Ermənistanla münasibətlərinin yalnız Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasından sonra mümkün olduğunu növbəti dəfə bəyan eləməsi təqdirəlayiqdir”. Bu barədə Musavat.com-a açıqlamasında deputat Aydın Hüseynov bildirib.
Deputat qeyd edib ki, xarici işlər naziri Hakan Fidan ölkəsinin mövqeyinin dəyişməz olaraq qaldığını bəyan edib: “Son zamanlar Ermənistanda və xüsusən erməni mediasında belə bir fikir get-gedə geniş yayılmağa başlamışdı ki, Qarabağ məsələsi həll olunduğu üçün Türkiyənin Ermənistanla sərhədləri bağlı saxlaması, Ermənistanla münasibətləri normallaşadırmaması üçün səbəb qalmayıb, ona görə də Türkiyə sərhədləri açacaq və Ermənistanla münasibətlər qurulacaq. Azərbaycan cəmiyyətində də sülh müqaviləsi imzalanmadan qardaş ölkənin Ermənistanla əlaqələri qurub-qurmayacağı barədə müəyyən suallara rast gəlirdik. Görünür, qardaş Türkiyə bu fikirlərə tam aydınlıq gəlməsi üçün nazir səviyyəsində mövqeyinin dəyişmədiyini bəyan etməyə ehtiyac duyub. Beləliklə, Türkiyə Ermənistana münasibətlərin normallaşması üçün şərtini yenidən xatırlatmış oldu. Azərbaycan cəmiyyətinə də bir qardaş kimi mesaj yolladı ki, qətiyyən narahat olmağa əsas yoxdur, Türkiyə əvvəlki mövqeyində qalır. Bir daha bəyan edilmiş oldu ki, Türkiyə Azərbaycanın maraqlarını nəzərə alır və alacaq”.

Hakan Fidan
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan “Ankara Ermənistanla münasibətləri yalnız Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra normallaşdırmağa hazır olacaq” bəyanatını verib. Fidan qeyd edib ki, Türkiyə bu mövqeyini əvvəldən açıq şəkildə bəyan edib və Ermənistanla siyasəti hər zaman regiondakı real proseslərə əsaslanıb. Nazir vurğulayıb ki, Ankara Bakı-İrəvan sülh prosesini dəstəkləyir və anlaşmanın imzalanmasının bütün Cənubi Qafqaz üçün yeni imkanlar yaradacağını düşünür.
0 Rəy