SON döyüş – Paşinyan 4 cəbhədə SAVAŞ anonsu verdi
Həftə başlar-başlamaz, Ermənistan rəhbəri Nikol Paşinyan yeni və diqqətçəkən açıqlamalar verib. Parlamentdə büdcə dinləmələri zamanı o, öncə Bakının Ermənistana tranzit yüklərin daşınmasına qadağaları götürməsini bir daha təqdir edib, Azərbaycanın tarixi jestinə İrəvanın gərəkən və adekvat cavabı verməli olduğunu söyləyib.
Bu xüsusda o, Türkiyədən Azərbaycana Ermənistan üzərindən yüklərin daşınmasına şərait yaratmağa hazır olduğunu bildirib. Konkret marşrut da göstərib. Eyni zamanda, Zəngəzur dəhlizi - TRİPP marşrutu haqda danışarkən Naxçıvana maneəsiz keçidlə bağlı İrəvanın Ağ Evdə öhdəlik götürdüyünü xatırladıb (Üçtərəfli Birgə Bəyannamə, 3-cü bənd).
“Artıq 1 il 8 aydır ki, Ermənistan-Azərbaycan sərhədində atışma nəticəsində heç bir əsgər həlak olmayıb. Heç vaxt belə bir dövr yaşanmayıb”.
Bunu da Paşinyan deyib. O, həmçinin qeyd edib: “Biz gündəlik iş söhbətimizdə “döyüş qabiliyyətinə malik ordu” anlayışını “müdafiə qabiliyyətinə malik ordu”ya çevirməyi çox vacib hesab edirik. Çünki “döyüşə hazır ordu” deyəndə bu, potensial döyüşü göstərmir”.
Daha vacibi, sülh ritorikasını davam etdirən baş nazir vurğulayıb ki, 2026-cı ilin iyununda keçirilməsi planlaşdırılan parlament seçkiləri faktiki sülhlə bağlı referendum olacaq. Sitat: “Ermənistan xalqı öz səsi ilə sülhə sadiqliyini təsdiqləməlidir. Əks təqdirdə ölkə münaqişə və forpost məntiqinə qayıtmaq riski ilə üzləşə bilər. Sülhə doğru kursun təsdiqlənməsi isə Ermənistan üçün yeni müstəqillik, suverenlik və dövlətçilik səviyyəsi demək olacaq”...
Bu, əslinə qalsa, erməni xalqına hərblə sülh arasında tarixi seçim eləməklə bağlı bir xəbərdarlıqdır. Axırıncı xəbərdarlıqdır. Yəni baş nazir həm də “1 il 8 aydır sərhəddə erməni əsgər ölmür” gerçəyini söyləməklə cəmiyyəti həqiqi sülhün qədrini bilməyə, daimi sülh və əmin-amanlıq üçün doğru düşərgəni seçməyə, bir daha revanşist-radikalların, avantüristlərin dalınca getməməyə çağırıb. Çünki qonşu toplumun səhv etmək, yanılmaq limiti bitib.
Kimlərdir revanşist-radikallar və avantürist çevrələr? Keçmiş xunta rejiminin qalıqları, Köçəryan-Sərkisyan cinayətkar cütlüyünün başında durduğu “Qarabağ klanı” və bu klanın maliyyələşdirdiyi aqressiv media, “bəlkə də qaytardılar” ümidi ilə yaşayan separatçı ünsürlər, xalqlar arasında barışığı yox, düşmənçiliyi təbliğ edən erməni kilsəsi, qonşu ölkələrlə sülhü fəlakət sayan erməni lobbisi və nəhayət, bu qüvvələri koordinasiya eləməyə çalışan, hələ də imperiya siyasətindən əl çəkməyən Rusiya...
Baş nazirin qondarma erməni “soyqırımı” ilə bağlı praqmatik yanaşmasını, onun erməni xalqına faktiki sırınan bir məsələ olduğunu etiraf eləməsini də nəzərə alsaq (Mariya Zaxarova buna görə onu “xəyanətkar” adlandırıb!), qənaət hasil olur ki, Paşinyan qonşu Azərbaycan və Türkiyə ilə barışığa alternativin olmadığına, bunsuz Ermənistanın öz simvolik müstəqilliyini də itirəcəyinə artıq tam yəqinlik hasil edib. Odur ki, sülhün, “Real Ermənistan”ın yolunu təmizləmək üçün həlledici və son savaşa girib.
Savaş isə 4 istiqamətdə gedəcək: radikal-revanşist müxalifət, kilsə, erməni diasporu və Rusiya ilə. Bu savaşın qalibi Paşiynyan partiyası olmazsa, məğlub təkcə indiki iqtidar yox, bütövlükdə Ermənistan və onun xalqı olacaq. Faciəvi sonluğu isə yalnız ermənilərin özləri önləyə bilər - Nikol Paşinyana və partiyasına qarşıdakı seçkilərdə daha 4 il etimad mandatı verməklə. Bir də əlbəttə ki, Bakı və Ankaranın İrəvana “müalicəvi” dəstəyi hesabına...
0 Rəy