Paşinyana sui-qəsd edilə bilər - Vitse-spiker
Milli Məclisin vitse-spikeri Musa Qasımlı Azərbaycan və Ermənistan liderlərinin 10 iyulda Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində keçirilən görüşündən danışıb.
Modern.az xəbər verir ki, Musa Qasımlı görüşü sülh müqaviləsinin imzalanması və münasibətlərin normallaşdırılması istiqamətində tarixi addım kimi dəyərləndirib.
"Əbu-Dabidə cənab Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş sülhün qurulması və münasibətlərin normallaşdırılması istiqamətində tarixi addımdır. Danışıqlarda aşağıdakı məsələlər işlərin davam etdiyini göstərir:
1. Görüşün vasitəçisiz keçirilməsi böyük çətinlikləri aşmaq olduğundan tarixi hadisədir. O deməkdir ki, tərəflər üz-üzə oturub problemləri müzakirə etməyi bacarırlar. Vasitəçi həmişə özünün marağını güdür, problemi tam həll etmir, regionda qalmaq və ya regiona gəlmək üçün vasitəçiliyindən bir alət kimi istifadə edir. Bunun acı təcrübəsi bəllidir.
2. Danışıqlar başlamazdan əvvəl cənab Prezident İlham Əliyevin Ermənistan nümayəndə heyətinə uzatdığı əl həm böyüklüyün, həm də həqiqi sülh qurmaq istəyinin göstəricisi idi. Bunun ardınca, Ermənistan tərəfinin də eyni davranışı etməsi münasibətləri normallaşdırmaq istəyini və səylərini göstərir.
3. Danışıqların 5 saat sürməsi müsbət haldır. Diplomatiya tarixində danışıqların uzun sürməsi, fasilə götürülməsi və yenidən başlanması, nümayəndə heyətləri ilə geniş tərkibdə davam etdirilməsi işlərin yaxşı getdiyini, icra edənlərə konkret tapşırıqların verildiyini göstərir.
4. Danışıqlardan sonra nümayəndə heyətlərinin bir-birinə münasibəti də qarşılıqlı anlaşmanı göstərir. Hər şey tərəflərin qətiyyətindən asılıdır. Azərbaycan normallaşma və sülh istəyir. Ermənistan necə? Bunu zaman göstərəcək?", - o deyib.
Vitse-spiker vurğulayıb ki, buna baxmayaraq, iki ölkə arasında sülhə və normallaşmaya bir sıra təhdidlər hələ də qalır:
"Münaqişə törədib qanlar üzərində regionda varlığını qorumuş və indi də çıxmaq istəməyən qüvvələr əsasən aşağıdakı vasitələrlə sülhə və normallaşmaya mane olacaqlar:
- Ermənistan Baş nazirinə qarşı sui-qəsd, terror aktı törədilə bilər; Ermənistanı daxildən qarışdıra bilərlər; revanşistləri radikal hərəkətlərə sövq edə bilərlər; dövlət çevrilişi və qiyam cəhdləri edilə bilər; Eçmiadzindəki erməni kilsəsi həmişə SSRİ DTK-nın nəzarətində olduğundan din adamlarından istifadə edilə bilər. Artıq keçmiş sistem mövcud olmasa da, kilsə xadimlərinin bundan əvvəlki hərəkətlərinin kökü bu bağlılıqdadır; Ermənistana qarşı ticarət-iqtisadi, siyasi-diplomatik və hərbi təzyiqlər ola bilər; qanlı təxribatlar törədilə bilər; hakimiyyətə qarşı kəskin informasiya savaşına başlanıla bilər və s.
Bəzi ölkələrdən ərazi baxımdan kiçik, əhali sayı az olan Azərbaycanın Prezidenti tərəfindən Böyük addlmların atılması bədxahların gözünə zəhərli ox kimi batır. Bütün təzyiqləri rədd edən Azərbaycan yoluna inamla davam edir. Təyyarəmizin vurulmasının, azərbaycanlılara qarşı törədilən zorakılıqların, bir neçə kənd təsərrüfatı şirkətimizə qarşı tətbiq edilən qadağaların, Kiyevdə səfirliyimizin yaxınlığının bombalanmasının səbəblərini həm də bunda axtarmaq düzgün olmazdımı?".
0 Rəy