Tramp erməni katolikosuna ZƏNG ETDİ
ABŞ-da prezidentliyə respublikaçı namizəd Donald Tramp Böyük Kilikiya Evinin katolikosu I Aramla telefon əlaqəsi saxlayıb.
Modern.az xəbər verir ki, bu barədə katolikosluğun mətbuat xidmətindən Ermənistan KİV-nə bildirilib. Qeyd edilib ki, Tramp I Arama noyabrın 1-də zəng edib.
“Prezident Tramp bu yaxınlarda Birləşmiş Ştatlara səfərini başa vuran I Aramın rəhbərliyini təqdir edib, Artsax ermənilərinə dəstəyini və regionda sülhə sadiqliyini bir daha təsdiqləyib”, - katalikosluğun məlumatında deyilib.
Bildirilib ki, Tramp həmçinin erməni-amerikan icmasını güclü və dinamik kimi qiymətləndirib.
I Aram isə Trampa erməni xalqını dəstəklədiyinə dair açıq bəyanatına görə minnətdarlığını bildirib və bu kritik zamanda ABŞ-ın qlobal liderliyinin həyati əhəmiyyətini vurğulayıb.
Erməni katalikos ümidvar olduğunu bildirib ki, yeni administrasiyanın gəlişi ilə Birləşmiş Ştatlar qondarma “Artsax məsələsi”ni, xüsusən də ermənilərin Qarabağa geri qayıtmaq hüququnun təmin edilməsi, təhlükəsizlik və statusun beynəlxalq təminatları və etnik mənsubiyyətə görə cavabdehlik məsələsi ilə ciddi məşğul olacaq.
I Aram ABŞ-ın yeni administrasiyasında aktiv erməni təmsilçiliyinə ümid etdiyini və Amerika Erməni Apostol Kilsəsinin Erməni Şərq və Qərb Yeparxiyaları və Amerika Erməni Milli Komitəsi ilə açıq dialoqa ehtiyac olduğunu da bildirib.
Xatırladaq ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp oktyabrın 24-də özünün "Truth" sosial şəbəkə hesabında erməniləri müfadiə edən açıqlama yaymışdı. Həmin açıqlamasında o, ABŞ-da vitse-prezidenti postunu tutan Kamala Harrisi 2023-cü ildə xristian erməniləri Qarabağdan kütləvi şəkildə köçürülərkən heç bir şey etməməkdə suçlamışdı.
Siyasi ekspertlər deyirlər ki, Tarmpın bu addımları sabah - 5 noyabrda keçiriləcək prezident seçkiləri öncəsi erməni seçicilərini ələ almağa yönəlmiş gediş sayılmalıdır. Tramp bununla seçkilərdəki əsas rəqibi - demokratların namizədi Kamala Harrisin erməni dəstəkçilərinin bir hissəsini öz tərəfinə cəlb etməyə çalışır.
Qeyd edək ki, hazırda dünyada iki erməni kilsəsi fəaliyyət göstərir. Bu kilsələrə iki katolikos rəhbərlik edir. Biri Ermənistandakı Eçmiəzdin kilsəsində, digəri isə Livandakı Kilikiya kilsəsində əyləşir.
Eçmiəzdin Kilsəsinə katalikos II Qaregin rəhbərlik edir. Onun rəhbərlik etdiyi kilsəyə Rusiya, Ukrayna və digər keçmiş SSRİ respublikalarında, habelə bir sıra Avropa ölkələrində yerləşən yeparxiyalar tabedir.
Livandakı Böyük Kilikiya Kilsəsinə katalikos I Aram rəhbərlik edir. Kilikiya katalikosluğu Livan, Suriya və Kiprdəki erməni yeparxiyasını idarə edir.
0 Rəy