Türkiyədə terror: ölü və yaralılar var

Türkiyənin paytaxtı Ankara şəhərində terror aktı törədilib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Türkiyənin TUSAŞ müdafiə şirkətinə məxsus obyektdə baş verib.

 

Məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya da təsdiq edib. 

 

"Təəssüf ki, hücumdan sonra şəhidlərimiz və yaralılarımız var", - nazir qeyd edib. O, hadisələrlə bağlı ictimaiyyətə məlumat veriləcəyini bildirib.

 

Yerli nəşrlər yazır ki, şirkətin Ankaranın Kahramankazan rayonundakı obyektlərində partlayış və silah səsləri eşidilib, əraziyə təhlükəsizlik qüvvələri, yanğınsöndürənlər və təcili yardım maşınları göndərilib. Obyektdə işləyən şəxslərin sığınacaqlara yerləşdirildiyi bildirilir.

 

"Sabah" qəzetinin məlumatına görə, yerli vaxtla saat 15:20 radələrində TUSAŞ-a məxsus obyektin girişində kamikadze hücumu həyata keçirilib.

 

Qeyd edək ki, TUSAŞ şirkəti Türkiyədə "Anka" və "Aksungur" kimi zərbə tipli pilotsuz uçuş aparatlarının (PUA), "Hürkuş" və "Hürjet" təyyarələrinin, həmçinin "Kaan" qırıcılarının istehsalı ilə məşğuldur.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin