Qəmbərov Ramiz Bulud oğlu

Qəmbərov Ramiz Bulud oğlu 2 iyul 1962-ci ildə Şuşa şəhərində doğulmuşdur. 1979-cu ildə H.Hacıyev adına 4 saylı Şuşa şəhər orta məktəbini bitirdikdən sonra Kolxozlararası Tikinti İdarəsində əmək fəaliyyətinə başlamışdır, 1980-ci ildə hərbi xidmətə çağırılmışdır. 1982-ci ildə ordudan tərxis olunur və doğma Şuşaya qayıdır. Əmək fəaliyyətinə fəhləlikdən başlayan Ramiz sonradan çalışdığı idarəyə mühəndis təyin edilir. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olur, işləyə-işləyə ali təhsilini davam etdirir. R.Qəmbərov 1988-ci ildə Xalq Hərəkatına qoşulur və erməni təcavüzünə qarşı ilk mübarizə aparanlardan biri olur. O, Moskvada Azərbaycan həqiqətlərinin dünya xalqlarına çatdırılmasında fəal iştirak edirdi. O, Azərbaycana qarşı erməni təcavüzünün ilk illərindən torpaqlarımızın müdafiəsinə qalxanların ön sıralarında idi. R.Qəmbərov 1992-ci ildə könüllülərdən ibarət batalyon yaradır və özü də həmin batalyona başçılıq edir. Cəsur döyüşçü öz batalyonu ilə Şuşa şəhərinin, eləcə də Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdur. Erməni yaraqlıları 29 aprel 1992-ci ildə Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücuma keçirlər. R.Qəmbərov öz batalyonu ilə köməyə gedir. Düşmən xeyli itki versə də, geri çəkilmək bilmirdi. Bu qeyri-bərabər döyüşdə igid komandir ağır yaralanır. Bir gün sonra 1992-ci il aprelin 30-da o, dünyasını dəyişir. Şuşa şəhərində dəfn edilib. Subay idi. Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Qənbərov Ramiz Bulud oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır. Ramiz Qəmbərov haqqında rejissor Kəmalə Musazadənin quruluşunda “Şuşalı şəhid” adlı film çəkilib.

Mənbə: anl.az

Rəylər

Aşağıdakı məlumatları qeyd edin