Qafqazın konservatoriyası

XIX əsrin ortalarında çarizmin müstəmləkə siyasətinə zidd olaraq Azərbaycan xalqı Qərbi Avropa və rus mədəniyyətindən istifadə etməyə imkan tapırdı. Bununla əlaqədar olaraq Azərbaycanda yeni bir mədəni həyat qaynayırdı. Qarabağda, xüsusilə Şuşada elm və ədəbi fəaliyyət artdı. Hələ Vaqif dövründən başlayaraq, Şuşa şəhəri böyük ədəbi mərkəz kimi bütün Azərbaycanda şöhrət tapmışdı. Öz doğma Vətəni olan Şuşanın abı-havasının şairanəliyindən və gözəl mənzərəsindən ilham alan məşhur ədəbiyyatşünas Firidun bəy Köçərli Şuşanın Zaqafqaziyanın Şirazı adlandırmışdır:

   “Şuşa qalası Zaqafqaziyanın gözəl və basəfa şəhərlərindən birisi hesab olunurdu və axır vaxtlarda sürət ilə abad olmağa üz qoymuşdur. İçində çox gözəl imarətlər yapılmışdı. Yay fəslində altmış-yetmiş minə qədər nüfus bu şəhərə cəm olurdu. Çünki Şuşanın ab-havası xeyli saf və salamat olmağa görə yaylaq mənzərəsindədir.

   ...Şuşa şəhərinin ab-havasının təsirindən və torpağının bərəkətindən burada çox zürəfa, üdaba və şüara vücuda gəlibdir. Belə ki, Şuşa qalası Zaqafqaziyanın Şirazı mənzərəsində olub ərbabi-zövqi səfa oymağı və əhli-hal və sahibi-dil yatağı hesab olunur. Şuşa əhli həmişə eyşü işarətdə olub, günlərini gəzməkdə, seyrü səyahətdə keçirirlər və sazəndə və xanəndələri indi də məşhuricahandır” (alt üçün- Bax: F.B, Köçərli. Azərbaycan ədəbiyyatı. B:, 1978, səh, 157.)

   Azərbaycan xalqının mədəniyyət tarixində ilk dəfə olaraq teatr, sirk tamaşaları, Avropa və Şərq konsertləri, musiqi, elm, maarif və bir çox sənət məclisləri, bundan əlavə mətbəə, kitabxana, “realni uçiliş”, seminariya və bir sıra mədəni-maarif müəssisələri Şuşada yaranmışdır. XIX əsrin 40-cı illərindən başlayaraq Şuşada incəsənətin müxtəlif sahələri inkişaf edirdi. Yerli teatr həvəskarları tərəfindən teatr tamaşaları göstərilirdi. Yeri gəlmişkən qeyd etməliyik ki, Qafqazın tarixində ilk dəfə teatr tamaşaları 1845-ci ildə Tiflis şəhərində göstərilmişdi.

   O vaxtları ticarətdə, mədəniyyətdə Tiflislə rəqabət aparan Şuşada isə ilk teatr tamaşaları 1848-ci ildə göstərilmişdir.

   1891-ci ilin yazında Şuşada şəhər varlılarından H.A.Xandəmirov tərəfindən teatr binası tikildikdən sonra şəhərdə teatr tamaşalarının sayı artmağa başlandı. Şəhər əhli bu tamaşalara böyük maraq göstərirdi.

   Ümumiyyətlə, Şuşada verilən teatr tamaşalarının sayı yay aylarında daha da çoxalırdı. Bunun səbəbi isə aydındır. Şuşa istirahət məskəni olduğundan isti yerlərin əhalisi yay aylarında şəhərə toplaşırdılar. Hətta Rusiyanın Moskva, Peterburq, Avropanın Varşava, Vyana, Berlin və Paris kimi böyük şəhərlərində təhsil alan şuşalı gənclər yay tətilində öz vətənlərinə qayıdardılar. Onlar yerli tələbə və müəllimlərlə birlikdə teatr tamaşaları göstərərdilər.

   Həmin bu tamaşalarda yerli həvəskarlar nəinki Azərbaycan yazıçılarının əsərlərini, hətta rus və Avropa klassik dramaturqlarının əsərlərini də oynayırdılar.

   Təsadüfi deyildir ki, böyük Şeksprin məşhur “Otello” faciəsi ilk dəfə Şuşada oynanılmışdı. 1904-cü ilin sentyabrın 1-də Xandəmirovun teatrında ilk dəfə Azərbaycan dilində “Otello” draması tamaşaya qoyuldu. Otello rolunda əsərin mütərcimi Haşım bəy Vəzirov oynamışdır, bu tamaşaçılara böyük təsir bağışlamışdı.

   XIX əsrin birinci yarısından başlayaraq Şuşada incəsənətin müxtəlif sahələri ilə birlikdə xanəndə sənəti də daha sürətlə inkişaf edirdi. Xanəndəlik sənəti Azərbaycanın başqa yerlərinə nisbətən Qarabağ mahalında, daha çox və xüsusilə Şuşa şəhərində inkişaf etmişdi. Bu şübhəsiz, təsadüfi bir hal olmayıb, Şuşanın coğrafi şəraiti, digər tərəfdən isə şəhərin geniş mədəni-iqtisadi münasibətləri ilə əlaqədar idi.

   Azərbaycanın başqa şəhərlərinə nisbətən Şuşada musiqiçi, oxuyan, rəqs edən daha çox idi. Təsadüfi deyildir ki, Azərbaycan xalqının musiqi tarixi ilə yaxından məşğul olan görkəmli musiqişünas V. Vinoqradov Şuşanın musiqi həyatından və Şuşa musiqiçilərinin Azərbaycanın musiqi həyatından və Şuşa musiqiçilərinin Azərbaycanın musiqi mədəniyyəti tarixindəki tutduğu roldan bəhs edərək yazmışdı:

   “Yaşıl otlaqların bürüdüyü sıldırım dağ döşündə gözəl mənzərəli Şuşa şəhəri düşmüşdü. Onun gözəl təbiət mənzərələri hər il səyyahları özünə cəlb edir, yaşıllıqlara qərq olmuş dağların mülayim cizgiləri yolçuları valeh edir. Lakin Şuşadan alınan estetik təəssürat bununla qurtarmır. Burada Azərbaycanın başqa rayonlarına nisbətən musiqi daha çoxdur. Burada həmişə xalq mahnılarını, xanəndələri, çalğıçıları dinləmək və rəqslərə baxmaq olar. Şuşa uzun zamanlardan bəri musiqi mərkəzi kimi tanınmış və xalq musiqi istedadlarının tükənməz məktəbi kimi bütün Zaqafqaziyada şöhrət qazanmışdır. “Şuşa musiqiçiləri” Azərbaycan musiqisinin tarixini yaratmış və onu yalnız öz vətənlərində deyil, həm də Şərqin başqa ölkələrində təmsil etmişlər.” (Aşağı. V.Vinoqradov. Uzeir Qadjibekov i Azerbajdjanskaya muzıka. M. 1938-q str. 9.)

   Xanəndəlik sənətinin inkişafı ilə əlaqədar olaraq keçən əsrin 70-80-ci illərində Şuşada musiqi salonları, məclisləri, dərnəklər və musiqi  məktəbləri yaranmışdı. Şuşada musiqi məktəbinin yaradıcıları Xarrat Qulu və Molla İbrahim olmuşdur. Professor Bülbül qeyd edir ki, tələbələr 13-14 yaşına kimi Molla İbrahimin, 14 yaşından yuxarı isə Xarrat Qulunun məktəbində musiqi dərsi keçirdilər.

   Xarrat Qulu Məhəmməd oğlu (1823-1883) o dövrün ən məşhur musiqişünası olmuşdur. O, klassik Şərq musiqisini kamil bilirdi. Həm də ilhamlı şeirlər yazırdı. Onun bir çox şeirləri və qəzəlləri məlumdur. Xarrat Qulunun özünün də gözəl səsi olmuşdur. Məhərrəmlik təziyəsini keçirmək məqsədilə Xarrat Qulunun təşkil etdiyi məclisə Şuşanın yaxşı səsi olan gənclərini cəlb edib şəbih səhnələri oynamaqla yanaşı, eyni zamanda onlara oxumağın, muğamatın, sirlərini də öyrədirdilər. Dini məqsəd daşımasına baxmayaraq haqqında bəhs etdiyimiz məclis (məktəb) Azərbaycanda vokal sənətinin inkişafında müəyyən yer tutmuş, Hacı Hüsü, Məşədi İsi, Sadıqcan, Əbdülbaqi Zülalov, Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd kimi sənətkarların yetişməsinə səbəb olmuşdur.

   Xarrat Qulunun ölümündən sonra Şuşada məşhur xanəndə Hacı Hüsü və görkəmli alim və musiqişünas Mir Möhsün Nəvvab tərəfindən “Musiqişünaslar məclisi” yaradılmışdı. Bu məclisdə şer, musiqi və sənətin estetik problemləri müzakirə olunar, xanəndələrin düzgün oxumağına və ustalığına diqqət verərdilər.

   XIX əsrin 80-90-cı illərindən başlayaraq, xanəndə dəstələri teatr tamaşalarının fasilələrində çıxış edərdilər. Qafqazda ilk dəfə teatr tamaşalarının fasilələrindəki çıxışlar Tiflisdə və Şuşada olmuşdur. Xanəndələrin teatr tamaşalarındakı çıxışları Azərbaycanda musiqili teatrın meydana gəlməsinə təkan verirdi. Sazəndə dəstələrinin bu çıxışları həm də xüsusi şərq konsertlərinin əmələ gəlməsi üçün şərait yaradırdı. XX əsrin əvvəllərində xanəndələr səhnələrdə müstəqil olaraq çıxış etməyə başladılar.

   Azərbaycanda ilk Şərq konserti 1901-ci ilin yayında keçirilmişdir. Dramaturq Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi altında Şuşada “Xandəmirovun teatrı”nda keçirilən bu konsertdə məşhur sənətkarlar Cabbar Qaryağdı oğlu, Keçəçi Məhəmməd, Məşədi Dadaş, tarzən Sadıqcan, Məşədi Zeynal , Ata Bağdagüloğlu, aşıqlardan Abbasqulu, Nəcəfqulu və başqaları iştirak etmişdilər. Konsertdə bir tamaşaçı kimi iştirak edən “Realni uçilişin” fransız dili müəllimi, sonralar məşhur jurnalist Əhməd bəy Ağayev həmin konsert haqqında yazmışdı:

  “... Tamaşaçılar böyük ehtirasla, orijinal türk musiqisini və xalq mahnılarını dinləyirdilər ”. (Aşağı. “Kaspi”. 11 yanvar 1902. № 9) 

   Beləliklə, Şuşa şəhəri XIX əsrin sonunda musiqi mərkəzinə çevrilmiş və ümumazərbaycan musiqisinin yüksəlişinə təkan vermişdir.

   XIX əsrin birinci yarısında Şuşada teatr, musiqi ilə yanaşı olaraq elm və maarif də inkişaf edirdi. Hələ o zamandan Şuşa Azərbaycanın mədəniyyət mərkəzlərindən biri idi. Burada rus dilində məktəblər açılmışdı. 1830-cu il dekabrın 30-da şəhərdə rus dilində qəza məktəbi (“uezdniy uçiliş”) açılmışdır. Bundan əlavə 1838-ci ildə seminariya, 1876-cı ildə “qorodskoy uçiliş”, “naçalnaya uçiliş”, 1880-cı ildə altı sinifli realni uçiliş, 1886-cı ildə isə rus-tatar məktəbi (uçiliş) açılmışdır. Həmin məktəb yerli realni və şəhər “uçilişinə tələbə hazırlayırdı. Qeyd etməliyik ki, rus-tatar məktəbinin açılışında və məktəbin maddi cəhətdən təmin edilməsində o illərdə (1886) Peterburq dağ-mədən institutunu bitirmiş mühəndis Fərrux bəy Vəzirovun xüsusi xidməti olmuşdur. Bu dövlət əhəmiyyəti olan məktəblərdən başqa şəhərdə Gövhər ağa, Səməd bəy Ağayev və Məlik-Allahverdiyevin şəxsi məktəbləri var idi. 1894-cü ildə isə şəhərdə qız məktəbi (“Marinski uçiliş”) açılmışdı. 1910-cu ilin məlumatına görə şəhər məktəblərində oxuyan tələbələrin sayı 1944 nəfər olmuşdur.

   1910-cu ildə Şuşanın Ağdam kəndində yerli məktəbin müdiri Abbas bəy Abbasovun təşəbbüsü ilə birinci dəfə olaraq Nəcəf bəy Vəzirovun əsərlərindən tamaşalar göstərmişlər. 1913-cü ildə həmin bu məktəbdə (rus-tatar) 200 nəfər tələbə oxuyurdu.

   1911-ci ildə Şuşanın Malıbəyli kəndində məşhur maarif xadimi Məhəmməd bəy Qarayevin rəhbərliyi ilə qadın məktəbi açılmışdı. 1912-ci ilin fevral ayında həmin məktəbdə Məhəmməd bəyin rəhbərliyi və məktəbin müəllimlərindən H. Moyiseyevanın, Mir Mehdi Ağamirovun və C. Tatarnikovanın iştirakı ilə tamaşa göstərilmişdir.

   1913-cü ildə Həmidə xanım Cavanşir Kəhrizli kəndində, Sona xanım Rüstəmbəyova isə Əfətli kəndində rus-müsəlman məktəbi açmışlar.

   Qeyd etməliyik ki, o dövrdə şəhər məktəblərində Rusiyanın Qorki, Xarkov, Moskva, Peterburq, hətta Berlin, Paris kimi Mərkəzi Avropa şəhərlərində gimnaziya, institut və universitet qurtarmış, öz dövrünün savadlı və mədəni müəllimləri dərs deyirdilər. Təsadüfi deyildir ki, Rusiya və Azərbaycanın bir çox elm, mədəniyyət və incəsənət xadimləri Şuşa “realni uçilişinin” yetişdirmələridir. Şəhər realni uçilişi altı sinifli idi. 1906-cı ildə Şuşanın sakinləri uçiliş üçün üçmərtəbəli gözəl bir bina tikdirdilər. Məktəbdə oxuyan tələbələr xüsusi forma geyirdilər. 

   1875-ci il martın 27-də Şuşada “Xeyriyyə cəmiyyəti”  təşkil edildi. Xeyriyyə Cəmiyyəti şəhərin bütün xeyriyyə işləri ilə məşğul olurdu. Cəmiyyət şəhərin abadlıq işlərində və mədəni həyatında görkəmli rol oynayırdı. Cəmiyyət 1875-ci il oktyabrın 26-da şəhər yoxsulları üçün iki sinifli qadın uçilişi açmışdı, dərslər pulsuz idi.

   Xeyriyyə Cəmiyyətinin təşəbbüsü ilə 1897-ci ilin fevral ayında Şuşada ilk dəfə olaraq şəhər kitabxanası təşkil olundu. Şəhər kitabxanasının açılışı günü bayram şənliyi kimi qeyd olundu. Şəhər kitabxanasının açılışı günü bayram şənliyi kimi qeyd edilmişdi. 

   Keçən əsrin 90-cı illərində və XX əsrin əvvəllərində şəhərdə Xeyriyyə Cəmiyyəti tərəfindən “Xeyriyyə gecələri” təşkil edilirdi. Həmin gecələrdə Şuşanın məşhur oxuyanları iştirak edirdilər. Gecələrdə yığılan pullar yoxsul tələbələrin təhsil və başqa ehtiyaclarına sərf olunurdu.

   Başqa şəhərlərdə olduğu kimi Şuşada da “Xeyriyyə Cəmiyyəti” şəhərin iqtisadi inkişafında və mədəni həyatında müsbət rol oynayırdı. Cəmiyyət şəhərin xeyir və şərində yaxından iştirak etməklə yeni mədəni-maarif müəssisələrinin açılmasına, yoxsulların, xüsusilə kasıb tələbələrin maddi vəziyyətlərini yaxşılaşmasına böyük qayğı göstərirdi.

   XIX əsrin 90-cı illərində Şuşada bir sıra ədəbi, musiqi və incəsənət məclisləri olmuşdur. Bu məclislərdən musiqişünaslar məclisi (rəhbəri Nəvvab), xəttatlar məclisi (rəhbəri Kərbəlayı Səfixan), xanəndələr məclisi (rəhbəri Hacı Hüsü), nüsxəbəndlər məclisi (rəhbəri Məşədi Əkbər), nəqqaşlar məclisi (rəhbəri Kərbəlayı Səfərəli və Nəvvab), memarlar məclisi (rəhbəri Kərbəlayı Səfixan) və s. məclislər olmuşdur. Şübhəsiz ki, bu məclislərin fəaliyyəti nəticəsində Şuşa şəhəri böyük incəsənət və musiqi mərkəzinə çevrilmişdi.

   XX əsrin əvvəllərində Şuşa mədəniyyət və istirahət məskəni kimi hamının nəzər-diqqətini cəlb edirdi. Şəhərin iki-üç mərtəbəli yaraşıqlı evləri, rahat mehmanxanaları, qəşəng hamamları, soyuq bulaqları, rəvac mallarla dolu olan mağazaları, xüsusilə hamının diqqətini cəlb edən güllü-çiçəkli bulvarı, “Yay klubu”, burada göstərilən maraqlı teatr tamaşaları və hər evdən ucalan musiqi avazları səyyahları heyran edərdi. Məhz buna görə də Şuşaya “Qafqazın konservatoriyası” deyərdilər.

   Şuşa özünün füsunkar təbiəti və gözəl mənzərələri ilə bütün dünyada şöhrət tapdığından hamı bu şəhəri görməyə, onun göz yaşı kimi şəffaf, buz kimi soyuq bulaqlarından içməyə, Cıdır  düzündə at çapmaq yarışına baxmağa, İsa bulağında Qarabağ quzusunun ətindən kabab, Kəblə Məhərrəmin dadlı pitisindən, Molla oğlunun papiros kağızı kimi nazik olan lavaşından, Kəblə Mehdinin paxlavasından yeməyə və məşhur Qarabağ tut arağından dadmağa can atardı. Xüsusilə, yay aylarında şəhərdə həyat kimi qaynayırdı. Burada tez-tez Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Hüseyn Ərəblinskinin, H.Q.Sarabskinin, Hacı ağa Abbasovun, Abbas Mirzə Şərifzadənin rəhbərlik etdikləri teatr truppaları şuşalılar qarşısında teatr tamaşaları göstərirdilər. Yerli həvəskarlardan Azad bəy Əmirov, Əhməd bəy Ağdamski və başqaları Üzeyir Hacıbəyovun opera və operettalarını tamaşaya qoyub öz yerlilərinə estetik zövq verərdilər.

   Beləliklə, Şuşa XX əsrin əvvəllərində Qafqazın həm konservatoriyası, həm də Azərbaycanın musiqi beşiyi idi. O zaman Qafqazın harasına getsəydin orada çalıb-oxuyanın şuşalı olduğunu görərdin. Təsadüfi deyildir ki, Şuşaya həm də istedadlar məskəni deyərdilər. Bu istedadlar isə Şuşa ədəbi-musiqi məclislərinin və Qarabağ vokal məktəbinin yetirmələridir...

   Qafqazın konservatoriyası, Azərbaycan vokal məktəbinin beşiyi kimi məşhur olan Şuşada XX əsrin 20-ci ilinə kimi həyat qaynayırdı. Yay ayları hətta Orta Asiyadan, İran, və Türkiyədən gələn qonaqlar bu ömür uzadan şəhərin səfalı meşələrindən, sərin bulaqlarından, məsum uşaq qəlbi kimi pak olan havasından həzz alırdılar. Qarabağ xanəndələrinin xoş avazından doymurdular. Hər evdən, hər ağac kölgəsindən, hər bulaq başından Qarabağ xanəndələri öz qonaqlarına Azərbaycan musiqisindən qəribə hekayətlər söyləyirdilər. Hələ o vaxt deyərdilər: “Şuşanın uşaqları ağlayanda “Segah”, güləndə isə “Şahnaz” üstündə gülərlər”

   Cəsarətlə demək olar ki, Şuşanın verdiyi musiqi istedadlarını dünyanın heç bir ölkəsi verməmişdir. “İtaliya vokal məktəbi” Avropa musiqi tarixində hansı mövqeyi tutursa, “Şuşa vokal məktəbi” də Şərq musiqi tarixində eyni mövqeyi tuturdu. Vaxtı ilə Şuşanı “Qafqazın İtaliyası” da adlandırmışlar. 

 

Mənbə: Firidun Şuşinski. “Şuşa”. Bakı. Gənclik. 1998

             Qarabağ yaddaş, Bakı, “MHS - poliqraf”, 2010, 192 səh.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin