Münəvvər Rzayeva (1929-2004)
Azərbaycanlı heykəltəraş və ilk monumentalçı qadın heykəltəraş. Azərbaycan Respublikasının əməkdar rəssamı Münəvvər Rzayeva 6 iyun 1929-cu ildə Şuşada anadan olmuşdur. Şuşada tanınmış xalça ustası Məcid kişinin ailəsində böyüyüb. 1950-ci ildə Bakıda Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1956-cı ildə isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsini bitirmişdir. O, Nikolay Tomskinin sinfində təhsil alıb.
1943-cü ildən müxtəlif sərgilərin iştirakçısı olub. Münəvvər Rzayeva 1953-cü ildən Azərbaycan Rəssamlar İttifaqının Üzvü seçilmişdir. Eyni zamanda, Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü olmuş, AMEA Nizami adına Ədəbiyyat Muzeyində bərpaçı rəssam kimi fəaliyyət göstərmiş və bir sıra heykəlləri bərpa etmişdir.
Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Ordubadi muzeyi, Siyəzən mədəniyyət evi və Bədii Fondda saxlanılır.
M.Rzayeva psixoloji portret ustası idi. Heykəlləri qranit, mərmər, bürünc, ağac və s. materiallardan istifadə edərək yaratdırdı. Yaradıcılığını, əsasən, sənət adamlarının heykəlləri, o cümlədən dövlət xadimlərinin və əmək qəhrəmanlarının heykəlləri, büstləri, barelyefləri təşkil edirdi.
Münəvvər Rzayeva 6 iyun 2004-cü ildə Bakı şəhərində vəfat etmişdir.
0 Rəy