"Qarabağ" Azərbaycanın "Ayaks"ıdır" - Raydell Pupon

"Qarabağ"ın sabiq futbolçusu Raydell Pupon Ağdam klubu ilə bağlı danışıb.

QOL.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda "Qarabağ"la  "Ayaks" arasında keçiriləcək oyunqabağı Amsterdam klubunun rəsmi saytına fikirlərini bölüşüb: 

"Qarabağ" ölkənin ən böyük klubudur. Lakin Avropada tanınmış klub sayılmır. Onlar yerli liqada demək olar ki, hər il asanlıqla titul qazanırlar. Həyat tərzinə gəlincə, Azərbaycan Türkiyəyə oxşayır. Bakı gözəl şəhərdir, Dubaya bənzəyir. Böyük binalar var. O qədər də isti deyil. Futbol, ​​şübhəsiz ki, Azərbaycanda bir nömrəli idman növüdür, lakin ətrafında atmosfer o qədər də güclü deyil. Türkiyədə futbol mədəniyyəti daha çılğındır. Niderlandla müqayisə etsəniz, gənclərin inkişafı cəhətdən çox böyük fərq var. Niderlandda buna çox diqqət yetirilir. Azərbaycanda isə bunu görmədim".

"Ayaks"ın sabiq futbolçusu hazırda Amsterdamın həvəskar komandası olan DWS-də oynayır. 37 yaşlı vinger "Qarabağ"la "Ayaks" arasında oxşarlıqlar olduğunu bildirib: "Qarabağ" Azərbaycanın "Ayaks"ıdır, ölkənin ən böyük klubudur. Azərbaycan Liqası Niderland çempionatından daha fiziki formadadır. Mən "Qarabağ"da çıxış edərkən komandanı çalışdıran baş məşqçi hələ də oradadır. Qurban Qurbanov klubda böyük fiqurdur".

Raydell Pupon 2015-ci ilin yayından 2016-cı ilin yanvarına qədər "Qarabağ"da çıxış edib və 15 oyuna 1 qol vurub.

Qeyd edək ki, oktyabrın 24-də keçiriləcək “Qarabağ” -  “Ayaks” oyunu saat 20:45-də start götürəcək.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin