Tarixçi-alim: Xocalı hələ XX əsrin əvvəllərində erməni təcavüzünə məruz qalıb

Ermənilərin Xocalı şəhərində azərbaycanlılara qarşı törətdikləri soyqırımı ilk belə hadisə deyildi... Tarixə nəzər salsaq, 1905-ci il hadisələrinin, dəqiq desək, tarixi Azərbaycan ərazisi olan İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında yerləşən Görs kəndində bir gecədə 400 nəfər dinc sakin, yəni demək olar ki, bütün kənd əhalisi qətlə yetirilmişdi. Həmin dövrdə Görs hadisələri xarici mətbuatda da işıqlandırılmış, xarici müxbirlərdə ağır təəssüratlar yaratmışdı. Məsələn, “Nyu-York Tayms” qəzeti 1905-ci il 15 noyabr tarixli nömrəsndə yazırdı: “Kənd sakinlərindən 700 erməni tatarların (türklərin) Görs kəndinə hücum edərək kəndin 400 sakinini qətlə yetirmiş, onların əmlakını talan edərək yandırmışlar”.

Bunu AZƏRTAC-a açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun sektor müdiri tarix elmləri doktoru Nigar Gözəlova söyləyib. O bildirib ki, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, sivil dünyanın tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Hələ XX əsrin əvvəllərində - 1905-ci, 1906-cı, 1918-ci və 1919-ci illərdə Azərbaycanın digər şəhərləri kimi, Xocalı da erməni təcavüzünə məruz qalıb, yandırılıb, talan edilib, dağıdılıb, əhaliyə qarşı qətliam törədilib. Amma tarix XX əsrin sonunda Azərbaycanı, onun qədim mədəniyyətinin mərkəzlərindən olan Xocalını daha bir qanlı faciə ilə sınağa çəkdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri ilə yanaşı, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı Xocalı şəhərinə basqın edərək günahsız insanları, dinc sakinləri xüsusi amansızlıqla qətlə yetirdi. Soyqırımını törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışlar. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilmiş, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilmiş, əsir götürülənlərə amansız işgəncə verilmişdi. Xocalının dərdli-naləli gecəsi barədə nə qədər yazılsa belə, yenə də müsibət və dəhşətləri olduğu kimi təsəvvür etmək çətindir.

Tarixçi-alım digər bir arxiv sənədindən də bəhs edib: “Britaniya Kitabxanasının arxiv sənədlərindən əldə etdiyimiz məlumatların içərisində 1919-cu ildə Böyük Britaniyanın Qafqazdakı Ali komissarı ser Oliver Uordropun 1919-cu il 11 dekabr tarixli raportunda göstərilir ki, dekabr ayının 1-də nizami erməni qoşunları iki topla və 6 pulemyotla Kığı dərəsində 9 tatar kəndinə basqın etmiş, onları yandırmış və qarət etmişdir. Noyabr ayının 26-da ermənilər Oxçu (Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd) bölgəsindəki bütün dinc müsəlmanları topladılar, hərbi yaşda olan kişiləri dinamitlə partlatdılar, qadınlar və uşaqlar da daxil olmaqla qalan əhalini isə məsciddə qətlə yetirdilər. Zəngəzur müsəlmanları vahimə içərisindədirlər”.

Onun sözlərinə görə, 1905-1906-cı illərdə Cənubi Qafqazdakı qırğınlar ermənilərin Azərbaycan türklərinə qarşı ilk açıq, irimiqyaslı və mütəşəkkil hücum aktı oldu. 1918-1919-cu illərdə, həmçinin ötən əsrin 90-cı illərinin əvvəllərində, demək olar ki, eyni ssenari ilə və daha böyük qəddarlıqla azərbaycanlıların və Azərbaycanın çoxəsrlik mədəni irsinin məhvi davam etdirildi. Yüz ildən çox bir müddət ərzində beynəlxalq ictimaiyyət insanlığa qarşı yönəlmiş erməni cinayətlərini yetərincə qınamamaqla bu cinayətlərin XX əsrin sonu və XXI əsrin əvvəllərində təkrarına imkan verdi.

“Ermənilərin Azərbaycan xalqına, o cümlədən Xocalı sakinlərinə qarşı XX əsr boyu törətdikləri qətliamlar və zülmlər haqqında arxivlərdə kifayət qədər geniş məlumatlar var və bu məlumatları diqqətlə araşdıranda Ermənistanın XX əsrin sonunda törətdikləri qətliamların tarixi kökünü müəyyən etmək çətinlik yaratmır. Erməni quldur dəstələri tərəfindən dağıntılara ən çox Azərbaycan mədəni irsinin daşınmaz nümunələri, müsəlman dini abidələri – məscidlər, məqbərələr və digər ibadət yerləri məruz qalıb. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi və Azərbaycanın ən qədim məzarlıqlarının, qəbiristanlığının ağır texnika vasitəsi ilə dağıdılması vandalizmin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır”, - deyə o əlavə edib.

Alim bu gün Xocalı faciəsinin dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanınmasının Azərbaycanın dövlət siyasətinin prioritet məsələlərindən biri olduğunu, bu istiqamətdə böyük nailiyyətlər əldə edildiyini vurğulayıb.

“Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi. Azərbaycan erməni işğalı ilə barışmayaraq tarixi ədaləti bərpa etdi: 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşdu, Xocalıda soyqırımına məruz qalanların qisası döyüş meydanında alındı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı”, - deyə N.Gözəlova fikrini yekunlaşdırıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin