Xankəndidən 150 milyardlıq mesajlar
Azərbaycan müstəqillik dövründə, xüsusilə də 44 günlük müharibəni zəfərlə yekunlaşdırandan, Qarabağda separatizmin kökünü əbədi kəsdikdən sonra bir çox beynəlxalq tədbirlərə evsahibliyi edib, paytaxt Bakıya sayılıb-seçilən ölkələrin nüfuzlu təmsilçiləri təşrif gətirib. Elə ötən ilin sonlarında COP 29-a dünyanın dörd bir yanından gələn on minlərlə qonağımız, həmçinin dövlət və hökumət başçıları var idi. Həmin konfransda 197 ölkə, 70 dövlət və hökumət başçısı iştirak etmiş, 77 min şəxs qeydiyyatdan keçmişdi, çox möhtəşəm uğur idi ki, dövlətimizin adına yazıldı. Amma Bakının 329 km-liyindəki Xankəndinin evsahibliyi etdiyi tədbir də bir başqa idi, tarix boyunca 2025-ci ilin 4 iyununda yüksək səviyyədə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündən, dost-qardaş ölkələrin liderlərinin səmimi münasibətlərindən, Azərbaycan dövlətinə, xalqına, Liderinə ünvanlı yüksək səviyyəli fikirlərindən, tarixi ismarıclarından çox yazılacaq, danışılacaq. Azərbaycan artıq üçüncü dəfə idi ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi edirdi. Əvvəlki iki Zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilib. Amma Xankəndinin yeri bir başqa oldu!
Vaxt var idi ölkəmizin magistral yollarında Xankəndiyə qədər olan məsafənin yazılmasını təskinlik kimi qəbul edirdik, doğma şəhərimizə əlimizin çatmamasına görə sanki havamız çatmırdı. Amma Müzəffər Ali Baş Komandanın, qəhrəman ordumuzun sayəsində son 2 əsrdə bir neçə ili çıxmaqla, demək olar ki, yadların tapdağı altında qalan Xakəndini nəinki bizimki etdik, hətta beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirməyi bacardıq. İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısına Türkiyə, Pakistan, İran, Özbəkistan, Şimali Kipr Türk Cümhuriyyəti, Tacikistan, Əfqanıstan, Türkmənistan və dgər ölkələrin rəhbərliyinin qatılması dünyaya, dost-düşmənə mühüm mesajların verilməsi baxımından çox vacib hadisəsi idi və Prezident İlham Əliyev bu tarixi hadisəni də reallaşdırmağı bacardı!

Tarixi Xankəndi yaranışından – Qarabağ xanlığı tərəfindən əsası qoyulduğu 18-ci əsrdən bəri bu qədər lider görməmişdi, belə bir ortamda məclisə evsahibliyi etməmişdi. Azərbaycan torpaqları iki yerə parçalandıqdan sonra Çar Rusiyası Pənahəli xanın “bağ evi” olan Xankəndidə özünün qornizonunu yaratmışdı, daha sonra ermənilərin bu şəhərə köçünə start verilmişdi. Elə o vaxtlardan – təxminən 1829-cu ildən etibarən Xankəndidə onlarla rus və erməni yerləşdirilməyə başladı, daha sonra hayların saylarını burada tikilib istifadəyə verilmiş kilsənin ətrafına toplamışdılar. 70 illik sovet istibdadının ardınca, Xankəndidə baş qaldıran separatizmin kökünü məhz 2023-cü ilin bir günlük antiterror əməliyyatı ilə kəsməyi bacardı dövlətimiz və ordumuz.
Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında yaxın tariximizin şərəfli, qələbələrlə dolu səhifələrini vərəqlədi, bir daha vacib məqamlara toxundu, dost-qardaş ölkələrin və həm də düşmənlərin, havadarlarının dinləməsi üçün...Prezidentin iştirakçılara xitabən “İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz”, xitabı belə adamı duyğulandırır. Qalib Prezident qürurla bildirdi ki, Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbirin keçirildiyini, Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etdi. Amma ECO-nun Zirvə görüşü Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilməsini tam fərqləndirdi. İşğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparıldığına diqqət çəkən ölkəmizin başçısı Ermənistanın Azərbaycan ərazilərinin təxminən 20 faizini 30 ilə yaxın işğal altında saxladığını, etnik təmizləmə həyata keçirdiyini, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin saldığını xatırlatdı. Erməni separatçıların 37 il əvvəl “miatsum” xəyanəti ilə başlatdıqları prosesin cavabını aldılar, başçılarının bir hissəsi Bakıda, Ədalət Məhkəməsində cavab verir, dövlətimiz azad Xankəndidə beynəlxalq tədbir keçirir. Bunun özü həm də düşmənlərə, havadarlarına xəbərdarlıq idi. Yəni sizin on illər boyunca şeytan yuvasına çevirdiyiniz tarixi Azərbaycan şəhərini biz dünyanın nəzərlərinin dikildiyi, bəşəri mövzuların müzakirə edildiyi, dost-qardaş ölkələrin iqtisadi əməkdaşlıq imkanlarının artırılması üçün platformaya çevirdik!

Prezident İlham Əliyevin “Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmamışdır. Dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirirdik ki, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz öz ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik. Əfsuslar olsun ki, Ermənistan və onun havadarları bizim bu xəbərdarlığımızı ciddi qəbul etməyiblər. Nəticədə peşman olublar”, deməsi düşmənə, onları müdafiə edənlərə həm də gələcək peşmançılıqlardan xilas çağırışı sayıla bilər. Dövlət başçımız əbəs yerə xatırlatmadı ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi və Ermənistan noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu. Bu faktlar sülh prosesini tormozlamağa çalışanlar, revanşistlər üçün mühüm xatırlatmalardır, “qulağınızdan sırğa edin, asın”, mesajıdır.
İşğal dövründə şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silən, 67 məsciddən 65-ini yerlə-yeksan edən, qalan ikisinə isə ciddi zərər vuran, Allahın evindən donuz və inək tövləsi kimi istifadə edən, qəbiristanlıqları vandallıqla dağıdan, ölülərin dişlərini talayan, qəbir daşlarını yağmalayan Ermənistan təkcə Azərbaycana deyil, bütövlükdə İslam dininə və dünya müsəlmanlarına, o cümlədən bəşəri dəyərlərə qarşı hörmətsizlik edib. Bu faktların xatırlanması vaxtaşırı ortaya çıxan Ermənistanın müdafiəçilərinə də xəbərdarlıq idi, əsassız və yersiz şəkildə vaxtımızı almağa çalışmasınlar. Üstəlik, Prezident dövlət qurumlarından ibarət komissiyanın xarici ekspertlər birgə, beynəlxalq təcrübədən yararlanmaqla işğal nəticəsində Azərbaycana vurulmuş təxminən 150 milyard ABŞ dolları məbləğində zərər vurulduğunu müəyyənləşdirdiyini deməklə İrəvana mühüm xəbərdarlıq etmiş oldu. Təxminən 150 milyard dollar! 150 milyardlıq mesaj sıradan məsələ deyildi. Daha yüksək də ola bilər, Azərbaycan minimumdan başlayıb yəqin ki...Yəni qırıcılar almaq üçün pul tapa bilən Ermənistan Azərbaycana vurduğu zərəri də ödəyə bilər, belə halda hər hansı güzəşt ola bilməz ! Yaxud pul tapa bilməsələr, sonuncu dramına qədər ölkənin maliyyə imkanlarının silahlanmaya xərcləndiyi məlum olsa, o halda tarixi Azərbaycan torpaqlarını kompensasiya əvəzi təklif edə bilərlər...

Xankəndi mesajları sırasında Ermənistanın torpaqlarımızda bir milyondan çox mina basdırması, Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımızın mina partlaması nəticəsində həlak olduğu və ya ağır yaralanması barədə faktlar da oldu. Sıradan məsələlər deyil və Paşinyan hakimiyyəti nəhayət, minaların koordinatları ilə bağlı konkret addımlar atmalıdır. Çünki Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yenidən inşa olunmuş 16 şəhər və kəndə qayıdan keçmiş məcburi köçkünlərin sayı 50 mini ötüb, amma bu say yaxın iki il ərzində 150 mini keçəcək. Deməli, mina təhlükəsizliyinə daha çox önəm verilməlidir, Ermənistan sülhdan danışırsa, bu prosesdən kənarda qala bilməz! Zaman Azərbaycanın xeyrinə işləyir, müqavimət yersizdir! İnanmayanlar Xankəndi Zirvəsinə təkrar-təkrar baxsınlar, qulaq assınlar! Orda heç bir söz əbəs yerə deyilmədi...Digər önəmli məqamlar da var, yazılarımız davam edəcək...
0 Rəy