Ağdamdakı Monitorinq Mərkəzi ləğv olunur?

Polkovnik: “Rusiya sülhməramlıları Azərbaycan ərazisini tərk etdikdən sonra...”

Ermənistanın baş nazirinin də imzaladığı 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının 5-ci bəndi Azərbaycan ərazisində Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılması barədə idi. Xatırladaq ki, Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq Türkiyə-Rusiya Monitorinq Mərkəzinin yaradılması barədə memorandumu keçmiş müdafiə naziri Hülusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu arasındakı videoəlaqə yolu ilə aparılan danışıqların nəticələrinin ardından həmin il noyabrın 11-də imzalanıb. Ağdam rayonunda belə bir mərkəz 2021-ci ilin 30 yanvarında yaradılıb. Tərkibi 60 nəfər Türkiyə, 60 nəfər Rusiyadan olmaqla, 120 hərbçidən ibarətdir.         

Bəs Qarabağdakı qanunsuz silahlı birləşmələr və digər separatçı qüvvələr tam neytrallaşandan və ya çıxarılandan, erməni əhali könüllü köç edəndən sonra hazırda bu qurumun funksiyası nədən ibarətdir, nəyə nəzarət edir? Onun tezliklə ləğvi mümkünmü, yoxsa Rusiya sülhməramlı kontingentin taleyi ilə eyni vaxtda həllini tapacaq? 

Polkovnik Rövşən Məhərrəmov: “Vəziyyət durmadan gərginləşməyə doğru gedir”

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Monitorinq Mərkəzinin yaradılmasının əsas təşəbbüskarı Türkiyə və Azərbaycan olub. Bu mərkəz vacib rol oynayıb və böyük əhəmiyyəti olub: "Qarabağdakı erməni separatçılarının atəşkəsi pozmaq və digər bu kimi addımlarının qeydə alınması vacib işlərdən biri idi. Monitorinq Mərkəzinin bu fəaliyyəti erməni separatçılarının ifşası baxımından da mühüm idi. Bu, həm də o baxımdan əhəmiyyətli idi və bu gün də əhəmiyyətlidir ki, qardaş Türkiyə hərbçilərinin Azərbaycan ərazisində mövcudluğunu təmin edir. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti üçün ilk gündən Azərbaycan lazım olan şəraiti yaratdı. İndi məntiqli sual meydana gəlib ki, artıq Qarabağda erməni separatizminə son qoyulub, erməni hərbi qüvvələri mövcud deyil, Monitorinq Mərkəzinin fəaliyyətinə ehtiyac qalırmı? Güman edirəm ki, Rusiya sülhməramlıları Azərbaycan ərazisini tərk etdikdən sonra Monitorinq Mərkəzinin də mövcudluğuna ehtiyac olmayacaq. Yəni nə qədər ki, Qarabağda Rusiya sülhməramlı qüvvələri var, Monitorinq Mərkəzi də olacaq. Sülhməramlıların Qarabağda fəaliyyət müddəti 2025-ci ildə başa çatır. Bu müddət yekunlaşmamışdan 6 ay öncə Azərbaycan hökuməti onların müddətinin ya uzadılması, ya da uzadılmaması qərarını verməlidir. Hesab edirəm ki, müddətin uzadılması qərarı olmayacaq və Rusiya sülhməramlıları fəaliyyətlərini başa çatdırıb ölkəmizin ərazisini tərk edəcəklər. Bununla paralel Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin də fəaliyyəti dayandırılacaq”.

Hərbi ekspert qeyd etdi ki, Rusiya sülhməramlılarının açılacaq Zəngəzur dəhlizinə nəzarət funksiyasını həyata keçirmək üçün Qarabağdan həmin əraziyə köçürülməsi mümkündür. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin də Zəngəzur dəhlizinə nəzarət etməsi mümkün variantlardan biridir. Amma dəqiq olan odur ki, Rusiya sülhməramlı qüvvələrinin sonuncu əsgəri Azərbaycan ərazisini tərk edənə kimi birgə Monitorinq Mərkəzi Azərbaycanda öz missiyasını həyata keçirəcək. 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin